Ölkə başçısından qlobal toqquşmanın qarşısını alan mühüm addımlar - Kiçik dövlətin böyük gücü

Ölkə başçısından qlobal toqquşmanın qarşısını alan mühüm addımlar - Kiçik dövlətin böyük gücü

60 2 17:31 - 13 İyn

Rusiya-ABŞ gərginliyi fonunda qlobal gərginlik yüksəlməkdədir. Xüsusilə ABŞ əsgərlərinin Rusiya sərhədlərinə gəlməsi, NATO qüvvələrinin Qara dəniz və Şərqi Avropada gücləndirilməsi SSRİ ilə birgə dəfn edilən "soyuq müharibə"nin yenidən dirildiyi ehtimallarını artırır. Buna cavab olaraq, Rusiyanın qərb sərhədlərinə ordu yeritməsi isə baş verənlərin "böyük müharibə"yə doğru addım-addım irəlilədiyini deməyə əsas verir.


- Dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun.


Və budur, Bakı qlobal qəzanın astanasında olan dünyanın böyük güclərinin uzlaşa biləcəyi, ən azından məsələləri müzakirə edə biləcəyi görüşə ev sahibliyi edir.


ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycanın paytaxtında Heydər Əliyev Mərkəzində görüşür. Bu görüş gərgin olan ABŞ-Rusiya münasibətləri, eləcə də dünyanın gələcəyi üçün əhəmiyyətli hadisədir.


Haşiyə: beynəlxalq əhəmiyyətə malik görüşün məhz Heydər Əliyevin adını daşıya mərkəzdə keçirilməsi təsadüf ola bilməzdi. Çünki Azərbaycanın Rusiya və ABŞ-a eyni məsafədə və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmasını, eləcə də bu gün belə görüşün məhz Bakıda keçirilməsini şərtləndirən balans siyasətini Heydər Əliyev müəyyən edib. İndi qlobal böhranın qarşısının alınmasına hesablanmış görüşün məhz Heydər Əliyev Mərkəzində baş tutması da təbiidir.


Generallar Ukrayna, Yaxın Şərq, həmçinin, iki ölkə arasındakı vəziyyəti müzakirə masasına yatırıblar. Müzakirə olunan məsələlər fonunda görüşün Bakıda keçirilməsi təsadüfi deyil.


"The Nyu-York Times" nəşri yazır: "Görüşlə bağlı razılığın əldə edilməsi üçün aylar sərf olunub. Əvvəlcə ruslar görüş üçün Minski təklif edib. Amerikalılar isə Qərbi Avropanı üstün tutublar. Lakin Avropa İttifaqının Ukraynadakı hadisələrə görə rus hərbiçilərinə qoyduğu qadağa Gerasimovun Qərbi Avropaya gəlişi çətinləşib. Nəticədə Bakı neytral yer olaraq seçilib".


Amerikalıların "neytral", bizim "balans siyasəti" adlandırdığımız amil görüşün Bakıda keçirilməsini şərtləndirdi. Lakin yeganə səbəb bu deyil və ola da bilməz.


Təhlükəsizlik amili: belə görüşlər üçün təhlükəsizlik əsas faktor hesab olunur. Xüsusilə beynəlxalq siyasətdə yaranmış kövrək vəziyyəti nəzərə alsaq, ABŞ və Rusiya münasibətlərinin düz xəttə çıxmasının istəməyən qüvvələr (hansı ki, belə qüvvələrin olduğu aydındır) onların bir araya gəlməməsi üçün istənilən addıma gedə bilərlər. Azərbaycan isə bölgədə təhlükəsizlik baxımından ən əlverişli məkandır.


1. "The Nyu-York Times"ın yazdığı kimi, görüş Minskdə ola bilərdi. Lakin amerikalılar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Belarusa gəlməkdən çəkiniblər. Çünki Minsk Rusiya-ABŞ münasibətlərində tərəfdir və orada fors-major halın baş verməsi ehtimalı böyükdür.


2. Amerikalılar Qərbi Avropanı təklif ediblər, lakin, yenə eyni nəşrin yazdığı kimi, Gerasimov Krım məsələsinə görə Avropa İttifaqının sanksiyaları ucbatından ora gedə bilməzdi. Həmçinin, rus general üçün də Qərbi Avropa bir o qədər də təhlükəsiz deyil.


3. Görüş yeri üçün Gürcüstan seçilə bilməzdi. Gürcü torpağında ruslara istənilən təhlükə gələ bilər.


4. Ermənistan isə amerikalılar üçün yararsızdır. Çünki İrəvan da Minsk kimi və ondan daha da artıq Rusiyanın "kantonu"dur.


Belə bir situasiyada Azərbaycanın seçilməsi təsadüfi deyil: Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir; NATO və KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir; regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir, Azərbaycan-Rusiya İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur.


Nüfuz: Görüş üçün Bakının seçilməsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da əsas rol oynayan faktor sırasına daxildir.


- Azərbaycan dünyanın güc mərkəzləri ilə sıx münasibətlərə malikdir və bütün dairələrdə nüfuzu qəbul edilir.


- Dünyada sülhyaratma prosesinin fəal iştirakçısıdır. İndiyə qədər Əfqanıstan da daxil olmaqla bir sıra münaqişəli zonalarda sülhməramlılarımızın iştirakı buna sübutdur. Həmçinin, Azərbaycan beynəlxalq sülhün bərqərar olunması və qorunması üçün zaman-zaman səmərəli təklif və təşəbbüslərlə çıxış edir.


- Azərbaycan enerji siyasəti ilə bütün bölgənin inkişafına və rifahına xidmət edir, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan dövlətdir.


Təcrübə: rəsmi Bakı Rusiya və Türkiyə arasında təyyarə böhranından sonra yaranmış təhlükəli vəziyyətin sabitləşməsi və iki ölkənin münasibətlərinin düz xəttə çıxmasında mühüm rol oynadı. Əslində Ankara və Moskvanın qarşıdurması qlobal toqquşma hesab oluna bilərdi. Lakin məhz Prezident İlham Əliyevin səyi ilə hər iki ölkənin lideri bir araya gələrək, problemi dialoq yolu ilə həll etdilər. Bu baxımdan, Bakının növbəti böyük toqquşmanın qarşısını alması mümkün görünür. Bu gün ABŞ-Rusiya gərginliyi kifayət qədər yüksəkdir, lakin hər iki tərəfin məsələni dialoq yolu ilə məhz Bakıda həll etməyə çalışmasında Azərbaycanın qlobal problemləri həll etmək təcrübəsinin də rolu var.


***


İndiki situasiyada Azərbaycan I və II Dünya müharibələrində İsveçin oynadığı rolu üzərinə götürür. Mövcud dünya şərtlərini nəzərə alsaq, bəşəriyyətin məhz dünya müharibəsinin kandarına qədər gəldiyini deyə bilərik. Burada "Bakı qlobal toqquşmanın qarşısını alır" sözləri təsadüfi deyil. Lakin hər iki dünya müharibəsində müzakirə məkanı olmaq missiyası böyük güclər tərəfindən İsveçin üzərinə qoyulmuşdu. Azərbaycanla bağlı situasiya fərqlidir: Bakının hazırda oynadığı rol Azərbaycan liderinin apardığı siyasətlə birbaşa bağlıdır. Yəni Azərbaycan bu missiyanın üzərinə götürmür, birbaşa onu yaradır.


Çünki: Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm Tramp, həm də Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.


Prezident İlham Əliyevin bu siyasəti Azərbaycanın qlobal diplomatiyada rolunun güclənməsinə də səbəb olur. Hesab etmək olar ki, Bakı bundan sonra da qlobal əhəmiyyətli görüşlərə ev sahibliyi edəcək.