Cinayət işlərinin istintaqı tamamlanıb - 298 vəzifəli şəxs...

Cinayət işlərinin istintaqı tamamlanıb - 298 vəzifəli şəxs...

27 0 10:48 - 06 Yan

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı hesabat ilində dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.


Bu barədə 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində Baş Prokuror Zakir Qaralov məlumat verib. Məlumatda bildirilir ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.


Xüsusilə vurğulanıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.


Eyni zamanda qeyd edilib ki, hesabat dövründə respublikada ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində yüksək peşəkarlıqla yekunlaşdırılmışdır. Belə ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.