Polis avtomobilini çəkiclə əzən şəxs: "Bezmişdim, əsəbiləşib əzdim"

Polis avtomobilini çəkiclə əzən şəxs: "Bezmişdim, əsəbiləşib əzdim"

38 0 10:53 - 09 Yan

Yol Patrul Xidmətinin (YPX) avtomobilini çəkiclə əzməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş. Bəylərov çıxış edib. O, narkotik vasitə istifadə etmədiyini bildirib: "YPX avtomobilini polis əməkdaşları tərəfindən təhqir olunduğum üçün əzmişəm. Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar.


 Bezmişdim. Buna görə əsəbiləşib, avtomobilə hücum etdim".Prosesdə şahid qismində dindirilən Aqil Səfərov ifadəsində deyib ki, Nizami rayon polis idarəsində sahə inspektoru vəzifəsində çalışır. O deyib ki, Ş. Bəylərov YPX avtomobilini çəkiclə əzdiyi üçün bölməyə gətirilib. Şahidin sözlərinə görə, tutulan şəxs bölməyə gətirildikdən sonra sol cibindən salafana bükülü şəkildə narkotik vasitə aşkarlanıb.


Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkilli Seyidağa Abbasov deyib ki, 2016-cı ilin fevralın 17-də Ş. Bəylərov bölməyə gətirilərkən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilib və narkotik maddə tapılıb.

Proses yanvarın 16-da davam edəcək.


Qeyd edək ki, bu il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan "BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. 


O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.