İran və Rusiyadan quş və quşçuluq məhsulları gətirilirmi?

İran və Rusiyadan quş və quşçuluq məhsulları gətirilirmi?

19 0 08:00 - 09 Yan

İrandan və Rusiyanın bəzi bölgələrindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsinə qoyulmuş məhdudiyyət hələ də qüvvəsindədir.

  

Bu barədə Lent.a-a məlumat verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib ki, hazırda Azərbaycanda  “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir. 

 

Y.Xanvəli bildirib ki, İranda və Rusiyanın bəzi bölgələrində yüksək patogenli quş qripi (H5N8) virusunun aşkarlanması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) Azərbaycana məlumat daxil olan kimi tədbir görülməyə başlanılıb: “Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 22 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olmuşdu.


Bundan başqa, BEB tərəfindən 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin baş verməsi qeyd olunmuşdu.

Bu məlumatları əldə edən kimi həmin ərazilərdən ölkəyə quş əti və quşçuluq məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olundu. Həmin məhdudiyyət bu gün də öz qüvvəsində qalmaqdadır”.

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB)  son məlumatına görə bir çox Avropa ölkələri ilə yanaşı Hindistanda da yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin  yayıldığını deyən qurum rəsmisi  əlavə edib ki, ölkədə aparılan monitorinq nəticələrinə əsasən Azərbaycanda quş qripi və digər iti yoluxucu xəstəliklərlə bağlı heç bir təhlükə yoxdur və sabitliyə nəzarət edilir.

 

Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixracına da başlanılacaqdı. Prosesin icrası üçün bəzi yerlərdə at kəsimi sexlərinin təşkili nəzərdə tutulurdu. 

 

Y.Xanvəli deyib ki, şirkətlər arasında lazımı işlər yekunlaşdıqdan sonra Azərbaycanın şimal, cənub bölgələrində və Gəncənin ətraf  ərazilərində at kəsimi sexlərinin təşkil olunması nəzərdə tutulur.  Həmin sexlərə  baytar həkimi təhkim olunduqdan sonra işlər nəzarətə götürüləcək.