"Qarabağ"ın legioneri: "İspaniya yığmasına dəvət almağım çətin məsələdir"

"Qarabağ"ın legioneri: "İspaniya yığmasına dəvət almağım çətin məsələdir"

19 1 03:55 - 18 Dek

"Uzun illərdir peşəkar futboldayam. Bilirəm ki, İspaniya millisinə dəvət almaq nə qədər çətindir. Bu, İspaniya La Liqasında oynayanlar üçün çətin olduğu halda, ölkədən kənarda forma geyinənlər üçün ümumiyyətlə çətindir".


Bu sözləri "Qarabağ"ın futbolçusu Migel Madera "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra keçirdiyi brifinq zamanı bildirib.


İspaniyalı yarımmüdafiəçi "Report"un matçda olan əməkdaşının da suallarını cavablandırıb:


Oyundan razı qaldınız?

- Ümumilikdə oyuna nəzər yetirdikdə deyə bilərəm ki, biz 3 xal qazanmağa daha yaxın idik. Düzdür, 1 xal da normaldır. Amma biz qələbəyə layiq oyun sərgilədik.


Hava şəraiti oyununuza necə təsir etdi?

- Asan olmadı. Çünki topu istədiyimiz sürətlə irəli göndərə bilmirdik. Yəni, top daha sürətlə hərəkət edirdi.


Mövsümün ilk yarısında məğlub edə bilmədiyiniz yeganə komanda "İnter" oldu. Bunu nə ilə əlaqələndirərdiniz?

- "İnter" həmişə yaxşı müdafiə olunur, rəqib komandaların hücumlarını bağlamağı bacarır. Bu gün isə xallarımız üzərinə birini də əlavə etdik.


Cəzalı olmağınız səbəbindən meydana çıxa bilmədiyiniz Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya "Fiorentina"sına məğlubiyyət və 1/16 finala çıxa bilməməyiniz əhval-ruhiyyənizə nə dərəcədə təsir göstərdi?

- Hamı kimi mən də istərdim ki, növbəti mərhələyə yüksələk. Təəssüf ki, "Fiorentina" ilə matçda komandama kömək edə bilmədim. Amma nə etməli? Növbəti ili düşünməliyik.


Meydana çıxdığınız vaxt "Qəbələ"nin qələbə qazandığını bilirdiniz. "İnter"lə görüşdəki heç-heçə əldə etməyinizin Qəbələdəki qarşılaşma ilə əlaqəsi oldu?

- Xeyr, təsir etmədi. Heç o oyunla maraqlanmırdıq. Sadəcə, kimsə mənə dedi ki, "Qəbələ" qalib gəldi. Amma biz öz oyunumuza köklənmişdik.


"Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya yığmasına dəvət alıb. Bəs sizin İspaniya millisinə çağırılmağınız realdırmı?

- Uzun illərdir peşəkar futboldayam. Bilirəm ki, İspaniya millisinə dəvət almaq nə qədər çətindir. Bu, İspaniya La Liqasında oynayanlar üçün çətin olduğu halda, ölkədən kənarda forma geyinənlər üçün ümumiyyətlə çətindir.