Qurban Qurbanov: "Türkiyə klublarından "Beşiktaş"ın azarkeşiyəm"

Qurban Qurbanov: "Türkiyə klublarından "Beşiktaş"ın azarkeşiyəm"

46 1 13:29 - 17 Dek

"Maraqlı oyun alındı. Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara və azarkeşlərə təşəkkür edirəm. 


Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi".


Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.


O, qol vəziyyətlərindən yararlana bilməmələrinə münasibət bildirib:


"İlk hissədə həddən artıq soyuq idi. Futbolçular hətta topu hiss edə bilmirdilər. Səbəb axtarmazdım, amma diqqətli olsaydıq, qələbə qazana bilərdik".


Qurbanov 2016-cı ildə xeyli sayda uğurlu oyun keçirdiklərini, amma çatışmayan yeganə məqamın Avropa Liqasında qrupdan çıxa bilməmələri olduğunu söyləyib:


"Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrup mərhələsinə yüksəldik. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam".


Qışda hazırlıq üçün Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını deyən 44 yaşlı mütəxəssis, hücum xəttini əcnəbi futbolçu ilə gücləndirməyə çalışacaqlarını açıqlayıb. Onun fikrincə, yerli futbolçu transferi çoxunun hazırkı klubları ilə müqavilələrinin davam etməsi səbəbindən mümkün deyil. 


Baş məşqçi əsas heyətə düşə bilməyən qapıçı Boyan Şaranovla yarımmüdafiəçi Namiq Ələsgərovun qışda göndəriləcəyi və ya icarəyə veriləcəyi ehtimallarına da aydınlıq gətirib:


"Namiqin icarəyə verilməsinin mümkünlüyü barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat veriləcək. Onu bu gün meydana buraxmaq istərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım. Şaranovun isə göndəriləcəyi xəbərləri həqiqətə uyğun deyil. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən Şaranov kənarda qalır. 


Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdır".


Digər qapıçı Emil Balayevin 6 aylıq körpənin ölümü ilə nəticələnən yol qəzası törətməsi ilə bağlı fikir bildirən baş məşqçi, Balayevin pis maşın idarə etmədiyini bildirib:


"Belə hadisə hamının başına gələ bilər. Çox kədərlidir. Ona səbr diləyirəm. Balayevdə günah axtarmaq, tənqid etmək düzgün olmaz".

Baş məşqçi Türkiyə klublarından "Beşiktaş"a azarkeşlik etdiyini deyərək, belə bir komanda ilə yoldaşlıq görüşünün keçirilməsinin "Qarabağ"a böyük təcrübə olacağını söyləyib:


"Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq".