"Bir ailəyik, özümü evimdəki kimi hiss edirəm"

"Bir ailəyik, özümü evimdəki kimi hiss edirəm"

25 2 09:00 - 07 Yan

Mənim üçün komandanın uğur qazanması daha vacibdi. Əlbəttə, qol vurmaq üçün də çalışıram. Amma məqsədim təkcə qol vurmaq deyil.


Bu sözləri Azərbaycan yığmasının və "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmaz deyib.


Türkiyə mətbuatına açıqlama verən 28 yaşlı hücumçu "Bursaspor"dakı çıxışından danışıb. Çempionatın ikinci hissəsində daha yaxşı oyun göstərəcəyinə söz verən Yılmaz bunları deyib: "Komanda oyunçusuyam, fərqlənə bilmədiyim oyunlarda da sona qədər mübarizə aparıb, "Bursaspor"un qol vurmasına çalışıram. Çempionatın ikinci hissəsində özümü daha yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəm. İnsanların məndən qol gözlədiklərini bilirəm. Bunun üzərində daha çox çalışıram. Ötən mövsümün ikinci yarısında göstərdiyim oyunu yenə təkrarlamaq niyyətindəyəm".


Dəniz Yılmaz fərqli mövqelərdə çıxış etmək bacarığına da toxunub: "Hansı mövqedə oynamağımın mənim üçün fərqi yoxdu. Həm hücumçu mövqeyində, həm hücumçu arxasında, həm də yarımmüdafiənin sağ və sol cinahlarında çıxış edə bilirəm. Baş məşqçi hansı mövqedə oynamağımı istəyirsə, ən yaxşı oyunumu göstərib, əlimdən gələni etməyə çalışıram".


Millimizin üzvü "Bursaspor"da özünü xoşbəxt hiss etdiyini bildirib. Baş məşqçi Hamza Hamzaoğlu ilə münasibətinin yaxşı olduğunu deyən Yılmaz azarkeşlər barədə də fikirlərini bölüşüb: "Hamza Hamzaoğlu, klub prezidenti və idarəçilərlə münasibətim yaxşıdı, bir ailə kimiyik. Xüsusilə, baş məşqçimizə təşəkkür edirəm, məni çox yaxşı qarşıladı. Həmin münasibətini indi də davam etdirir. Mən də onun etimadını doğrultmağa çalışıram. "Bursaspor" azarkeşləri öz meydanımızda keçirilən oyunlarda əla atmosfer yaradırlar. Özümü evimdəki kimi hiss edirəm. Azarkeşlərin bizə dəstəyi çox vacibdi. Onları çox sevirəm. İnşallah, birlikdə komandanı daha yüksək pillələrə qaldıracağıq".


Dəniz Yılmaz sabiq komandası "Trabzonspor"la keçiriləcək matçın onun üçün xüsusi önəm kəsb etmədiyini deyib: "Bu görüş mənim üçün xüsusi anlam daşımır. Hər matç önəmlidi. Xüsusilə, öz meydanımızda keçirilən görüşlərdə 3 xalı heç kimə verməməliyik. Avropa Liqası və Çempionlar Liqasına qatılmaq istəyirəm. Bunun üçün çox çalışmaq lazımdı".