"Qarabağ"ın qapıçısı: "Bu komandada keçirdiyim hər gündən həzz alıram”

"Qarabağ"ın qapıçısı: "Bu komandada keçirdiyim hər gündən həzz alıram”

52 0 11:05 - 09 Yan

“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz - legioner oyunçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq".


Bunu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı barədə klubun rəsmi saytına danışarkən deyib.


Bosniya və herseqovinalı qolkiper həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənmələrinin vacibliyini bildirib. O, mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Bunadək yaxşı və pis günlərimiz, zədəlilərimiz, həm də vərəqə cəzalılarımız oldu. Mövsümün ilk yarısı da bizim üçün uğurlu alındı, Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq”.


Şehiç 2016-cı ili karyerasının ən uğurlu ili adlandırıb: “Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dır, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.

Son olaraq, 29 yaşlı qapıçı komandadakı rəqabətdən də danışıb: “Komandamızda hər mövqedə rəqabət var və hər kəs də komandaya xeyir vermək üçün əlindən gələni edir. Bütün mövqelərdə 2-3 futbolçu olmalıdır. Hazırda da komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.