Banklara mühüm ÇAĞIRIŞ

Banklara mühüm ÇAĞIRIŞ

23 2 18:24 - 09 Yan

Manatın iki kəskin devalvasiyasından sonra əhalinin banklardan götürdüyü kreditlərin ödənişi sahəsində gərginliklər yaranmağa başladı.


İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, birinci devalvasiyadan sonra bu gərginliklər bir o qədər böyük olmasa da, ikinci devalvasiya vəziyyəti kifayət qədər mürəkkəbləşdirdi:

"Kreditlərin ödənişi ilə bağlı çətinliklər bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən isə xarici valyutada götürülmüş kreditlərin ödənişi üçün vətəndaşların manat yükünün artması ilə bağlıdır. Manatın birinci devalvasiyasından başlayaraq bu günə qədər bu yük 2,2 dəfədən çox artıb. Bu gün əhalinin banklardan götürdüyü 15,8 milyard manat kreditin 46 faizdən çoxu - yəni 7,3 milyard manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın rəsmi məlumatlarına görə, xarici valyutada götürülmüş kreditlərin 10,2 faizi gecikmiş kreditlərə aiddir. Manatla olan kreditlərdə bu gecikmə bir qədər az – yəni 7,4 faiz təşkil edir. İkinci devalvasiyadan ötən dövr ərzində manatın məzənnəsində baş verən 14 faizdən artıq rəsmi ucuzlaşma isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir".


Ekspert qeyd edib ki, qarşıda milli valyutanın tam sərbəst buraxılması ilə bağlı addımlar gözlənilir:


"Bu addımlardan sonra xarici valyutada olan kreditlərin ödənişi sahəsində vəziyyət indikindən daha çətin olacaq. Banklar indidən bunu göz önünə almalıdırlar. Mərkəzi Banka onların gecikən kreditlər haqqında verdikləri informasiyalar əksər hallarda bir neçə dəfə kiçildilir. Bununla da banklar vəziyyətlərinin heç də pis olmadığını göstərməyə çalışırlar. Biz dəfələrlə yazdıq, təkliflər verdik ki, banklar öz müştərilərinə qarşı güzəştə getsinlər, onlara bu kreditləri ödəməkdə yardımçı olsunlar. Ancaq təəssüflər olsun ki, daha çox qazanmaq hərisliyi bankları öz mövqeyindən çəkindirə bilmədi. Onlar məhkəmə çəkişmələri yolu ilə problemi həll etməyə üz tutdular.


Bu, ən uğursuz seçim idi. Krediti ödəmək imkanı olmayandan nə isə əldə etməyə heç məhkəmə də kömək etməyəcək. On görə də nə qədər gec deyil banklar üzlərini müştərilərinə çevirməlidirlər. Manat tam sərbəst buraxılandan sonra onlar xarici valyutada olan kreditlərin heç 3-5 faizini də geri ala bilməyəcəklər. Vaxtilə xarici valyutada əhaliyə zorla kreditlər verərək bəs deyincə qazanc əldə etmiş banklar indi də həmən qazancı öz müştəriləri ilə bölüşməlidir. Bir sözlə, indiki maliyyə çətinlikləri şəraitində bu yükü ancaq onlar özü çəkməlidirlər".