Aktrisamızdan ürək parçalayan etiraf...

Aktrisamızdan ürək parçalayan etiraf...

47 2 03:08 - 10 Yan

Bizi ayırmaq istəyirdilər


Bir zamanlar yanğılı səsi və obrazları ilə öz tamaşaçılarının sevgisini qazanmış bu sənətkar bugünkü gündə onları intizarda qoydu desək, yanılmarıq. 23 yaşında ikən teatrda yaratdığı ana obrazı aktrisaya çox böyük şöhrət gətirdi, çox təəssüf ki, məhz bu tamaşa onun şöhrətinin sonu oldu. Onun tamaşalarını izləməyə gələn tamaşaçılar teatrın qarşısında böyük tıxaclar yaradırdı. Hər halda həmkarları bu cür söyləyir. Beləliklə, müsahibimiz aktrisa-müğənni, bir vaxtlar AzTV-nin solisti olmuş Səmayə İsmayılovadır. Səmayə xanımla ömür yolunu birlikdə vərəqləyəcəyik.


- Səmayə xanım, sizin incəsənət sahəsində çox böyük xidmətləriniz olub. Bu sənətin sehrinə necə düşdünüz?


- Mən Qərbi Azərbaycanda, çox gözəl bir ailədə böyüyüb boya-başa çatmışam. Bizim mahalda qız övladının mahnı oxumasını birmənalı qarşılamırdılar. Mən oxumağa başlayanda 6-7 yaşım var idi. Oxumağım valideynlərimi cəlb etmişdi, ona görə də onlar məndə bu həvəsi görərək özləri də bilmədən məni bu sənətə gətirdilər. Orta məktəbdə oxuyanda bütün həyatım, demək olar ki, səhnədə keçdi. Yaşa dolduqca səsim, avazım bütün mahala yayılmışdı. Pənbək zonasında elə bir məclis olmurdu ki, onu mən idarə etməyim. Mən artıq İrəvan Teatrında da işləməyə başlamışdım. Elə oldu ki, atam məni Bakıya gətirdi. Mən Bakıda Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya fakültəsinə qəbul oldum. Elə o zaman da xalq artisti Gülxar Həsənova məni Opera və Balet Teatrına dəvət etdi. O teatrda "Koroğlu" operasını hazırlayırdı, istəyirdi ki, mən tamaşada "Ərəbzəngi" rolunu oynayım. Mən paralel xalq artisti Qulu Əsgərovun sinfində də muğam təhsili alırdım. Əfsuslar olsun ki, "Ərəbzəngi" rolunu oynamaq qismətim olmadı.


- Obraza uyğun deyildiniz, yoxsa tam bir başqa səbəb vardı?


- Xeyr, əksinə mən bu rola tam uyğun gəlirdim. Gözəl olmasam da, boyum, buxunum var idi. Tamaşanı təhvil verməyimə az qalmışdı ki, İrəvan teatrından xəbər gəldi ki, sən teatra qayıtmalısan. Bu, təkcə teatrın rəhbərliyinin yox, həm də atamın istəyi idi. Ona görə də bu istəyə qarşı çıxmadım və doğma teatrıma qayıtdım.


- Deməli, "Ərəbzəngi" olmaq ürəyinizdə qaldı?


- Bəli, düz qeyd etdiniz. Mən hec vaxt atama yox deyə bilməzdim. Bir ilə yaxın idi ki, Gülxar xanımla bu rola hazırlaşırdıq. O qədər həyəcənla hazırlaşırdım ki, səsim də batmışdı. Çünki Gülxar xanım mənim üstümdə çox əziyyət çəkirdi.


- Bu rolun sonrakı aqibəti necə oldu?


- "Ərəbzəngi"ni, onsuz da, Gülxar xanım teatrda oynayırdı. Sonra bu rolu teatrın aktrisası Sahibə Əhmədovaya verdilər. Amma vaxtilə hətta mərhum müğənnimiz Rübabə Muradova da Ərəbzəngini oynamışdı. İndi də mənə bu rolu versələr, böyük məmnuniyyətlə, oynayaram. İndiki Ərəbzəngim əvvəlkindən daha yaxşı olardı.


- İrəvan tetarına qayıdandan sonra nələr oldu?


- İrəvan teatrının vəziyyəti çox ağır idi. Mən gələn kimi bir kollektiv toplayıb, konsert proqramları ilə çıxış etdim ki, teatrımızın büdcəsinə pul yığılsın. Teatrda Həsən Seyidbəylinin "Sən nə üçün yaşayırsan?" əsəri hazırlanırdı, orada mənə ana rolunu verdilər. O zaman mənim 23 yaşım var idi. Heç kim inanmırdı ki, mənim yaşda bir qızcığaz bu rolun öhdəsindən gələcək. O tamaşa ilə bütün bölgələrdə qastrol səfərlərinə getdik. Məni tamaşaçıların ayaq üstə alqışladığı ilk tamaşam məhz bu oldu. Bundan sonra Nəbi Xəzrinin "Əks-səda" tamaşasında Çinarə obrazını və s. rollarını da o vaxtlar mənə tapşırdılar. 1980-ci ildə ailə həyatı qurdum və 2 illik sənət fəaliyyətimə fasilə verdim.


- Bugünkü gündə məşhur olan bir çox sənətkarlarımızla bir kursda təhsil almısız. Gəlin etiraf edək ki, onlardan çox geridə qaldınız. Bunun səbəbi nə idi?


- Təhsil aldığım illərdə bir çox tələbələr mənə həsəd aparırdılar. Çünki onlardan fərqli olaraq mən böyük sənətkarların yanında idim. Sadəcə, mənim vətənə bağlılığım, böyüklərimə hörmətim və sayğım ola bilər ki, indiki vaxtda məni bir az onlardan geridə qoyub. Mən səsimin ən gözəl vaxtı İrəvanda oldum, 35 yaşına kimi orada yaşadım. Heç vaxt fikirləşmirdim ki, maddi vəziyyəti ağır olan teatrı atıb Bakıya gəlim. Nəhayət, mən 1986-cı ildə həyat yoldaşımdan icazə alıb, Bakıya mahnılarımı lentə köçürməyə gəldim.


- Arzu etdiyiniz həyata nail oldunuzmu?


- Mənə elə gəlir ki, bəlkə də mən Bakıda qalsaydım, arzu etdiyim həyat olmazdı. Bəlkə də sənətdə uğur qazanardım, amma şəxsi həyatda uğurum olmazdı. Bu gün yaşadığım həyat mənim arzu etdiyim həyatdır.


- Həyat yoldaşınızla tanışlığınız necə olub?


- Biz bir-birimizi həddindən artıq çox sevmişik. Sevgi insanın özündən asılı deyil. Sevməyib ailə həyatı quran insanlar üçün həyat çox çətin olub. Amma bəzən əksinə də olur. Çətinliklə də olsa ailə həyatımızı qurduq. Həyat yoldaşım bizlə birlikdə teatrın işıq sexində çalışırdı. Mən müğənni və aktrisa kimi səhnədə olanda o, mənim bir nömrəli pərəstişkarım idi.


- Ailə həyatı qurandan sonra həyat yoldaşınızın hər hansı qadağası ilə üzləşdinizmi?


- Yanında idim deyə qısqanclığı yox idi. Nə onun mənə, nə də mənim ona qadağam olmayıb. Amma aramızı vurmaq istəyənlər çox idi. Görürdülər ki, çox mehribanıq, bizim mehribanlığım kimlərisə qıcıqlandırırdı. Bu söz-söhbətlər o qədər çox idi ki, ayrılmaq dərəcəsinə çatmışdı. Amma ayrılmadıq, bütün əzab-əziyyətlərə, söz-söhbətlərə sinə gəldik.


- Kimlər idi aranızı vurmaq istəyənlər?


- Həyat yoldaşımın ailəsi məni qəbul etmək istəmirdi. Müğənni-aktrisa ilə evləndiyinə görə onunla münasibətləri pozulmuşdu. Heç mənim də ailəm razı deyildi. Qayınanamla problemimiz çox olurdu. Yoldaşımı incidirdilər ki, niyə aktrisa almısan? O vaxtı dövr çox çətin idi, onları da qınamırdım. Bu evlilikdən 2 övladımız oldu.


- Ailələr arasında barışıq nə vaxt oldu?


- Onların ailələri bizim ailəmizi görəndən sonra fikirləri dəyişdi. Amma bir onu bilirəm ki, onlar məni heç vaxt istəmədilər. Etiraf edim ki, yoldaşım çox yaraşıqlı idi, mən ona yaraşmırdım.


- Səmayə xanım, bugünkü gündə fəaliyyətiniz nədən ibarətdir?


- Hal-hazırda müğənnilik sənəti üzrə çalışa bilmirəm, çünki bir neçə il əvvəl infarkt keçirmişəm. Mahnılarımın bir çoxu qızıl fonddadır. Vaxtilə cəbhə bölgəsində çox konsertlərimiz olub. 2007-ci ilə qədər cəbhə bölgəsində çalışmışam. İndiki xalq artistlərinin bir çoxu o vaxt əsgərlərə konsert verməkdən boyun qaçırırdılar. Məni bu cür hallar çox ağrıdır. Dəfələrlə toylarımdan imtina edib əsgərlərə konsert verməyə getmişəm. İrəvanda çox çətin vəziyyətdə yaşamışıq. Bizim orada evimizi də mənfur qonşularımız yandırmışdı. Uşaqlarım çox balaca idi, teatrın rekvizit yeşiyində böyüyürdülər, aktyorların tərli paltarlarının içində yatırdılar. 1993-cü ildən 2007-ci ilə kimi isə AZTV-də solist kimi çalışdım. 2007-ci ildə solistləri ləğv edəndən sonra mən yenidən teatra qayıtdım. O vaxtı artıq İrəvan teatrı Bakıda fəaliyyət göstərirdi.


- Bu teatr eyni teatr idi, yoxsa dəyişilmişdi?


- Eyni teatrın abu-havası qalmışdı. Teatrın direktoru İftixar Piriyev məni dəvət etmişdi. 2 ildir ki, çox az tamaşalarda oynayıram. Əsasən, tarixi qadın rollarını yaradıram. Aktyor 60 yaşından sonra səhnədə püxtələşir. Bir dəfə də tamaşada yüngül əxlaqlı qadın rolunu mənə vermişdilər. Teatrda işləyirsənsə, hər bir rolu oynamağa hazır olmalısan. Bu rol ilə Qəbələyə qastrol səfərinə getmişdik. Əmim də vəzifəli şəxslərlə birlikdə mənim tamaşama baxırdı. Ona əvvəlcədən demişdim ki, mən filan rol ilə gəlirəm, birdən çaşıb nəsə deyərsən. Səhnəyə çıxan kimi bir də gördüm ki, zalın yarısı boşalıb. Zalda bircə əmim qalmışdı. Sonra haqqımda eşidirdim ki, Səmayə xanım ciddi qadındır, niyə bu rolu oynayıb? Bəlkə də filmdə olsaydı, imtina edərdim. Mənim aləmimdə rolun böyüyü kiçiyi yoxdur. "Dolu" filmində kiçik bir qadın rolu oynamışam, yadda qalmışam.


- Müasir çəkilən seriallardan hansıları bəyənirsiniz?


- Rövşən İsaxın çəkdiyi bütün serialları bəyənirəm. Çünki o, səhnə görmüş aktyoru seriala dəvət edir. Onun seriallarının uğurlu alınmasının əsas səbəbi məhz budur. Hələ ki, Rövşənin seriallarında aktyor olmayan insan görməmişəm. Elə seriallar da var ki, mən baxa bilmirəm.


- Bugünkü müğənnilərin səviyyəsindən razısınız?


- Bugünkü gündə bizim estradamızda çox gözəl səslər var. 10 il əvvəl çox əziyyət çəkirdim, efirə baxmaq mümkün deyildi. 10 il əvvəl soyunub gündəmə gəlirdilər. İndi o müğənnilərin heç biri səhnədə yoxdur. Mən Azərbaycan incəsənətində iz qoymuş insanam. Türküləri Azərbaycana 1987-ci ildə məhz mən gətirmişəm. Bugünkü gündə fikrim var ki, xalq mahnılarını yeni oranjmanda lentə aldırım. Amma mən onu efirlərə çıxara bilmirəm. Atv telekanalından başqa məni heç bir efir verilişlərə dəvət etmir.


- Səbəb kimi nə gətirirlər?


- Bircə onu deyirlər ki, sizin fəxri adınız yoxdur. Guya efirə çıxanların hamısının fəxri adı var? 2015-ci ildə yubileyim oldu. Biz bir telekanal tapmadıq ki, onu çəkdirək. Yubileyim də Azadlıqda binanın yanması ilə eyni günə təsadüf etmişdi. Bu hadisəyə görə yubileyi təxirə salıb, başqa tarixə keçirdik. Mənim oğlum bu yubileyə çox böyük həvəslə hazırlaşırdı. Bütün bunlara baxmayaraq yubileyi ürəyimiz istəyən kimi keçirə bilmədik. Mənim sənətdə naxışım yoxdur, bu, mənim alın yazımdır.


- Həyat yoldaşınız bütün bu əlamətdar günlərdə yanınızda olurdu?


- Həyat yoldaşımı 2013-cü ildə itirdim. O vaxt İrəvandan köçkün kimi gələndə yoldaşım sarılıq keçirmişdi. 18 il onu mən ovucumun içində saxladım (kövrəlir). Mənə nəsə vəsiyyət edə bilmədi, bircə onu dedi ki, birdə yaşasaydım, səni heç vaxt incitməzdim (ağlayır).


- Çox incitmişdi sizi?


- Yoldaşım bir az "çapqın" idi. Mən onu bu cür də qəbul etmişdim. Deyirdim ki, hara getsə də, axşam saat 7-də evimə gəlir. Çox gəlib deyirdilər ki, onu filankəslə gördük. Bütün bunlara göz yumurdum. Çünki onu çox sevirdim. Ömrünün axırına kimi mənim yanımda oldu.


- Bildiyim qədəriylə siz övladlığa bir qız da götürmüşdünüz. Onun indiki aqibəti necə oldu?


- 1993-cü ildə Kəlbəcər hadisələri baş verəndə oradan Gözəl Cəbrayıllı adında bir qız uşağı qaçqın kimi Bakıya gəlmişdi. Telestudiyadan mənə təklif etdilər ki, bu qız səninlə qalsın. Onun anası da, atası da var idi. Çox gözəl musiqi duyumu olduğundan mən onu Bülbül adına orta ixtisas məktəbinə qoydum. 14 il ailə qurub Rusiyada yaşadı, həyat yoldaşı sənətə getməyini istəmədiyindən ayrıldılar. 2 övladı var hazırda. Mən onu övladlarımdan ayırmıram, o da mənə ana deyir. Onun taleyi də belə gətirdi.