Cəbhə xəttindəki döyüşlərdə 147 hərbiçimiz ölüb

Cəbhə xəttindəki döyüşlərdə 147 hərbiçimiz ölüb

28 2 07:07 - 06 Yan

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Şair Ramaldanov "Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) 2016-cı ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 147 hərbi qulluqçunun dünyasını dəyişməsi, həmin şəxslərin 38 nəfərinin qeyri döyüş itkisi olması barədə yaydığı statistikaya münasibət bildirib.

Açıqlama verən polkovnik bildirdi ki, bu rəqəm reallıqdan uzaqdır.


"Azərbaycan Müdafiə Nazirliyi belə bir statistika açıqlamayıb. Onlar bu məlumatı haradan əldə ediblər?. Həmin şəxslər bu araşdırmanı müstəqil aparıblar və mən düşünmürəm ki, bizim rəsmi rəqəmlərlə uyğun olsun. Belə məlumatı adətən bəzi mənbələrdən almaq olar. Ancaq mən əminəm ki, bu məlumatların həmin mənbələrə heç bir aidiyyatı yoxdur".


Polkovnik qeyd etdi ki, ümumiyyətlə bu cür məlumatlar gizli məlumatlar hesab edilir.


"Bu statistikanı hazırlayan şəxslər mənbəni mütləq göstərməlidirlər. Bəlkə, onlar bu məlumatları avtobusda gedərkən eşidib və statistikaya daxil ediblər. Statistika rəqəmdir, belə bir rəqəmi isə rəsmilər açıqlamayıb. Ona görə, mənim fikrimcə reallıqdan uzaqdır".


Qey edək ki, Xəzər Hərbi Tədqiqatlar İnstitutu bir neçə gün əvvəl 2003-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirməsini, onlardan 147 hərbi qulluqçunun məhz ötən il həyatını itirdiyini açıqlayıb. Bildirilirdi ki, dünyasını dəyişənlərin 109 nəfəri döyüş, 38 nəfəri isə qeyri döyüş itkisidir.